0552508808

0124977539

Elm adamları, ziyalılar
|

Abbas Abdurəhman oğlu Quvalov (professor)

11.06.2021

Quvalov Abbas Abdurəhman oğlu 1958-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.

1974-cü ildə Kəpənəkçi kənd orta məktəbini, 1979-cu ildə isə Azərbaycan İnşaat Mühəndislər İnstitutunu kimyaçı-texnoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. O, 1976-cı ildə Azərbaycan İnşaat Mühəndislər İnstitutunun ilk “Lenin təqaüdçüsü” olmuş və həmin il institutda yaradılmış “İnşaat-Texnologiya fakültə”sinin ilk həmkarlar təşkilatının sədri seçilmişdir.

 

1981-ci ildə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat Tikinti Materialları İnstitutunda elmi işlərlə məşğul olmağa başlamış və 1982-ci ildə elm sahəsində “Azərbaycan Lenin komsomolu” mükafatı laureatı olmuşdur.

1983-cü ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunun aspiranturasına daxil olmuş və 1987-ci ildə “Superplastifikatorların sintezi və onların sement sistemlərinə təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namızədi alimlik dərəcəsini almışdır.

 

1987-ci ildən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat Tikinti Materialları İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1987-1989-cu illərdə Bakı şəhəri, Oktyabr rayonu “Gənc Alim və Mütəxəssislər Şurasının” büro üzvü seçilmişdir.

1988-ci ildə istehsalatda tətbiq olunmuş ixtiralarına görə, “SSRİ ixtiraçısı” adına layiq görülmüş, 1989-cu ildə isə SSRİ AAK tərəfindən ona baş elmi işçi diplomu verilmişdir.

Abbas Quvalov 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı Abbas Quvalov bir sıra məsul vəzifələrdə çalışmış, elmlə istehsalatın müxtəlif sahələrini məharətlə əlaqələndirməyi bacarmışdır.

O, 2002-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi mükafat komissiyasının qərarı ilə “Azərbaycanın Gənc Alimləri” Beynəlxalq layihəsinin qalibi olmuş və “XXI Əsrin Gənc Alimi” Beynəlxalq Diplomu ilə təltif edilmişdir. Həmin ildə “Fövqəl” Assosiasiyası İdarə Heyəti sədrinin müavini seçilmişdir.

İnşaat sahəsində iş təcrübəsini daxil etməklə, ümumilikdə, idarəetmə sahəsində 35 ilə yaxın iş təcrübəsi olan Abbas müəllim həm də Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Yapışdırıcı materiallar və betonlar texnologiyası” kafedrasının dosentidir. Hal-hazırda onun hazırladığı tələbələr respublikanın sement, asfalt, beton zavodlarının və digər tikinti sahələrinin aparıcı işçiləridir.

 

Abbas Quvalov daim elmi axtarışlarını davam etdirir. Gərgin elmi axtarışların nəticəsidir ki, o, 200 elmi əsərin, o cümlədən 20 ixtira və patentin, inşaat materiallarının texnologiyası sahəsində 2 dərslik, 2 dərs vəsaiti və bir monoqrafiyanın müəllifidir.

Abbas Quvalov bir sıra mötəbər beynəlxalq konfranslarda və simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, geniş elmi məqalələri həm respublikada, həm də nüfuzlu jurnallarda çap edilmişdir. Beton qarışıqlarının səmərəli tərkiblərinin hazırlanması və tədqiqi üzrə bir çox metodiki göstərişlərin və tövsiyələrin müəllifidir. 2014-cü ildə “Modifikatorların tərkibinin və xassələrinin nizamlanması ilə sement sistemlərinin quruluş əmələgətirməsinin idarəedilməsi” mövzusunda texnika üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Respublikada xüsusi xassəli beton tərkiblərinin, o cümlədən özüyerləşən polifunksional betonların hazırlanması və tətbiqi üzrə alimdir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 aprel 2015-ci il tarixli qərarı ilə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Keyfiyyətin idarəedilməsi departamentinin direktoru Abbas Abdurəhman oğlu Quvalova Texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

 

İxtiralarından ikisi 1986-1990-cı illərdə “Bakı Asbestsement və keramika məmulatları kombinatında” tətbiq olunmuş və dövlətə külli miqdarda mənfəət gətirmişdir. Seolitin tətbiqi üzrə bir sıra ixtiraları müxtəlif istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq edilmişdir. Bir neçə səmərələşdirici təklifləri ilk dəfə respublikamızdakı monolit tikililərdə, o cümlədən beton körpülərin, keçid və tunellərin inşasında tətbiq edilmişdir. Bakı şəhərində Nəqliyyat Nazirliyinin qarşısında, Ayna Sultanova heykəlinin yaxınlığında, Ramstor dairəsində, Babək prospektində, Zığ-Hava limanı istiqamətindəki və Dəvəçi rayonundakı körpülərin tikintisi bilavasitə onun iştirakı ilə həyata keçirilmişdir. Respublikamızda ilk dəfə salınan beton yolların inşasında istifadə olunan betonun tərkibini isləmiş və yolların çəkilməsində yaxından iştirak etmişdir.

Respublikada ilk dəfə olaraq 700 marka beton tərkibini işləmiş və “Azərbaycan” nəşriyyatının ərazisində tikilən yeni mətbəənin inşasında tətbiq etmişdir.

2005-ci ilin noyabr ayından “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Mərkəzi Laboratoriyanın müdiri kimi işə başlamış, daha sonra “Keyfiyyət və Standartlaşdırma şöbəsi”nin müdiri vəzifəsinə təyin edilmişdir. 2010-cu ilin noyabr ayından etibarən Korporasiyanın “Keyfiyyətin İdarəedilməsi departamenti”nin direktoru vəzifəsində çalışır.

Abbas müəllim Azərbaycandan yeganə mütəxəssisdir ki, Fransada yerləşən RİLEM (İnşaat materialları üzrə beynəlxalq ekspertlər və laboratoriyalar cəmiyyəti) təşkilatının üzvüdür.

19-27 iyun 2012-ci il tarixlərində Tailandın Pattaya şəhərində SGS sirkəti tərəfindən “Keyfiyyətin idarəedilməsi və menecment sisteminin səmərəliliyinin yüksəldilməsi üzrə məsələlərin həllinə müasir baxış” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmiş və “İnteqrəolunmuş menecment sistemi üzrə ən yaxşı rəhbərlik nümayəndəsi” nominasiyasında diploma layiq görülmüşdür.” Keyfiyyət Menecment sistemi”, “Ekoloji Menecment sistemi” və “Sağlamlığın qorunması və əməyin təhlükəsizliyi Menecment sistemi” sahəsində bir şox sertifikatlara malikdir.

Abbas Quvalovun gərgin və məhsuldar əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2015-ci il tarıxli Sərəncamı ilə “İnşaatçılar günü” münasibətilə o, “Tərəqqi” medalı ilə təltif edilmişdir.