11.06.2021
Budaqov Adilxan Abbas oğlu 1965-ci il iyun ayının 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçidə dünyaya göz açmışdır.
Kəpənəkçi kənd orta məktəbinə 1-ci sinfə getmiş və 1982-ci ildə orta məktəbi bitirmişdir. Orta təhsilini Azərbaycan dilində almasına baxmayaraq, sənədlərini elə həmin il Odessa Politexnik İnstitutuna vermişdir. Rus dilində, həm də “eksperiment” üsulu ilə imtahan verib hər iki fəndən “5” qiymət alaraq və tələbə adını qazanmışdı.
Adilxan Budaqov Odessa Politexnik İnstitutunun 2-ci kursunda oxuyanda professor V.İ.Kolyadanın təkidi və ya-xından köməyi ilə onun işlədiyi İ.İ.Meçnikov adına Odessa Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsinə köçürülmüşdü.
Adilxan Abbas oğlu Budaqov İ.İ.Meçnikov adına Odessa Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini 1989-cu ildə bitirmişdir. Ona təyinat verib heç yerə göndərmədilər. Elə həmin Universitetin aspiranturasında saxlamışdılar. Aspiranturada təhsil aldığı illərdə Adilxan Budaqov Odessa, Kiyev, Moskva və Praqada nəşr olunan elmi jurnallarda özünün bir sıra məqalələrini dərc etdirdi. Professor V.İ.Kolyadanın elmi rəhbərliyi ilə “Eyni ölçülü yerdəyişmələrin davamlılıq modulu” mövzusunda tədqiqat apardı. Sonra da 1992-ci ildə dissertasiya işini müdafiə edib “Fizika-riyaziyyat elmləri namizədi” alimlik dərəcəsi almışdı.
O, vaxtilə özünün oxuduğu “Tətbiqi riyaziyyat” fakültəsində “Riyazi analiz” dən dərs deyir, həm də özünün doktorluq dissertasiyası üzərində işləyir, axtarışlar aparır və yeni-yeni məqalələrini çap etdirirdi.
Doktorluq dissertasiyası üzərində işini başa çatdırıb onu Müdafiə Şurasına təqdim eləsə də amansız “xərçəng” xəstəliyi onu çox sürətlə “yeyib” taqətdən saldığına görə qabaqcadan təyin olunmuş gündə “müdafiəyə” gedə bilmədi. Əcəl onu yaxalamışdı. Adilxan Budaqov 1998-ci il iyul ayının 28-də, 33 yaşında əbədiyyətə qovuşmuşdur.
Allah rəhmət eləsin.
Qeyd: Məlumat Ziyadxan Budağın "Bir kəndin naxışları" kitabından əldə edilmişdir