11.06.2021
Əmirxan İsmayıl oğlu İsayev Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Kəpənəkçi kənd orta məktəbinə 1-ci sinfə getmiş və 1982-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olmuşdur.
1989-cu ildə onu M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialına (indiki Sumqayıt Dövlət Universitetinə) baş laborant göndərdilər. 1995-ci ildən müəllim, baş müəllim, tarix fakültəsində dekan müavini işləmişdir.
2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin dissertantı olmuşdur. “Şimal-şərqi Azərbaycanın maddi mədəniyyəti” mövzusunda dissertasiya işi üzərində işləmiş və 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında akademik Teymur Bünyadovun rəhbərliyi ilə dissertasiya işini müdafiə edərək Tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
Əmirxan İsmayıl oğlu İsayevi 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin “Azərbaycan tarixi (təbiət və texniki ixtisaslar üzrə)” kafedrasına müdir təyin edilmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir.
2014-cü ilin aprel ayında isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Əmirxan İsmayıl oğlu İsayevə “Dosent” elmi adı vermişdir.
Əmirxan İsayev “Şimali Azərbaycan 20-30-cu illərdə” və “Azərbaycan müstəqillik yollarında” adlı dərs vəsaitlərinin müəllifidir. O bir çox elmi konfranslarda müxtəlif mövzularla çıxış etmiş, məruzələri yerli və beynəlxalq jurnallarda dərc olunmuşdur. 40-a qədər elmi-publisistik məqalənin müəllifidir.
Ailəlidir, 2 oğul övladı var.
Qeyd: Məlumat Ziyadxan Budağın "Bir kəndin naxışları" kitabından əldə edilmişdir